ELM VƏ TƏHSİL
I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verəcək abituriyentlər buraxılış vərəqəsini çap edə bilərlər
Bakı, 22 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 2-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirəcək. Abituriyentlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İyunun 9-da keçiriləcək I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahana buraxılış vərəqələri növbəti həftə ərzində DİM-in saytına yerləşdiriləcək.