İQTİSADİYYAT
İcraçı direktor: 3 ildə yerli sığorta bazarında 70 faizlik böyümə qeydə alınıb
![İcraçı direktor: 3 ildə yerli sığorta bazarında 70 faizlik böyümə qeydə alınıb](/files/2024/1/1200x630/17068817321265948455_1200x630.jpg)
Bakı, 2 fevral, AZƏRTAC
Milli iqtisadiyyatımız üçün mühüm strateji əhəmiyyət kəsb edən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin qəbul edilməsindən 3 il ötür. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, ötən 3 il ərzində yerli sığorta bazarında 70%-lik böyümə qeydə alınıb.
Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev deyib.
ASA icraçı direktoru qeyd edib ki, ötən ilin ümumi sığorta icmalına əsasən yerli bazarda hesabat dövrü ərzində 1 milyard 222 milyon 537 min manat sığorta haqqı təmin olunub.
“Bu da 2022-ci ilin ümumi nəticələri ilə müqayisədə 25,9 faiz çoxdur. 2023-cü il ərzində baş vermiş sığorta hadisələrinə görə həyata keçirilmiş ödənişlər isə 587 milyon 325 min manat olub ki, bu da 2022-ci ilin sığorta ödənişləri ilə müqayisədə 35,6 faiz çoxdur. Maliyyə bazarlarına, o cümlədən sığorta sektoruna nəzarətedici orqan olan Mərkəzi Bankının uğurlu və məqsədyönlü tənzimləmə siyasəti, o cümlədən peşəkar sığorta bazarı iştirakçılarının aktual çağırışlara adekvat operativ yanaşması nəticəsində əldə olunan bu uğur növbəti illər üzrə irəli sürüləcək proqnozlar üçün əminlik göstəricisidir. Əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədindən irəli gələrək hazırlanmış “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunan illər ərzində sığorta bazarının həcminin hər il 10 faiz artması başlıca hədəf indikatoru olaraq müəyyənləşdirilib. Lakin buna baxmayaraq, yerli sığorta bazarında böyümə dinamikası hədəf minimumunu üstələyərək 2021-ci ildə 16 faiz, 2022-ci ildə 18 faiz, 2023-cü ildə isə 26 faiz həcmində qeydə alınıb”, - deyə ASA icraçı direktoru əlavə edib.
Elmar Mirsalayev mövcud böyümənin Milli Prioritetlər fonunda növbəti illərdə də müşahidə ediləcəyini proqnozlaşdırır.