ELM VƏ TƏHSİL
“İdrak” liseyi Bakıda da fəaliyyətə başladı
AZƏRTAC xəbər verir ki, mərasim Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Liseyin təsisçisi, pedaqoji elmlər doktoru, bir neçə elmi əsərin, çoxsaylı monoqrafiya, dərs və metodik vəsaitin müəllifi Mönsüm Alışov ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan söz açıb.
Bildirib ki, “İdrak” liseyi 6 il öncə Sumqayıtda fəaliyyətə başlayıb. Bu müasir tədris ocağı təhsil islahatlarına uyğun olaraq Sumqayıt özəl orta ixtisas kollecinin zəngin bazası əsasında yaradılıb. Uğurları ilə respublikanın təhsil həyatında özünə layiq ad və yer qazanıb.
Artıq dörd ildir ki, liseyin buraxılışı olur. Məzunların hamısı tələbə adını qazanaraq Azərbaycanda və xarici ölkələrdə ödənişsiz təhsil alırlar. Onlar bu nailiyyətləri öz bilikləri ilə əldə ediblər. “İdrak”ın ilbəil artan uğurları onun güclü pedaqoji kollektivə malik olmasının nəticəsidir. İnanıram ki, Bakıdakı lisey üçün seçilmiş pedaqoji kollektiv də Sumqayıtdan geri qalmayacaq. Pedaqoji kollektivin adından valideynlərə övladları üçün bu təhsil ocağını seçdiklərinə görə minnətdarlığını bildirən Mönsüm Alışov qeyd edib ki, onlar bu seçimlərinə görə peşmançılıq hissi keçirməyəcəklər.
Digər çıxış edənlər də şagirdlərə xeyir-dualarını verib və onlara uğurlar arzulayıblar. Qeyd olunub ki, hər birimiz üçün məktəb ana deməkdir. Həyatda qazandığımız bütün nailiyyətlər üçün məktəbə, müəllimlərə borcluyuq.
Mərasimdə şagirdlər Vətən, məktəb mövzularında şeirlər söyləyiblər.
Daha sonra ilk zəng çalınıb, liseyin açılışını bildirən rəmzi lent kəsilib və şagirdlər musiqi sədalarının altında liseyə daxil olublar.