REGİONLAR
İki minədək turist Yeni ili Naftalanda qarşılayıb
Naftalan, 10 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Sağlamlıq turizminin beynəlxalq mərkəzlərindən birinə çevrilən və şöhrətini ildən-ilə artıran Naftalan nəinki yay fəslində, hətta soyuq qış aylarında da turistləri özünə cəlb edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki minədək turist Yeni ili və sonrakı bayram günlərini bu kurort şəhərində keçirməyə üstünlük verib.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə Naftalana üz tutan yerli və xarici turistlərin sayında da əvvəlki illərlə müqayisədə xeyli artım müşahidə olunub.
Yeni il bayramında qonaqların istirahətinin mənalı və yaddaqalan olması üçün otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif tədbirlər və xüsusi hazırlanmış əyləncəli şou proqramlar təşkil olunub. Bundan başqa, bayram günləri ərəfəsində turistlərin daha mənalı istirahəti üçün sanatoriyalar tərəfindən ölkəmizin digər mənzərəli bölgələrinə ekskursiyalar təşkil edilib.