SİYASƏT
İKİNCİ DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ AZƏRBAYCAN MİLİSİ RƏŞADƏT GÖSTƏRMİŞDİR
Bakı, 7 may (AZƏRTAC). Mayın 7-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) II Dünya müharibəsində Qələbənin 64-cü ildönümü münasibətilə müharibə veteranları ilə görüş keçirilmişdir.
BŞBPİ-nin mətbuat xidmətindən bildirmişlər ki, görüşü giriş sözü ilə açan idarənin rəisi, polis general-mayoru Rafiq Abbasov II Dünya müharibəsində iştirak etmiş Azərbaycan övladlarının qəhrəmanlığından söhbət açmışdır.
Qeyd olunmuşdur ki, 1941-1945-ci illərdə 700 minə qədər azərbaycanlı cəbhəyə getmiş, onların 300 min nəfəri qəhrəmancasına həlak olmuşdur. Həmvətənlərimiz faşist ordusuna qarşı rəşadətlə vuruşmuş, Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişlər. Müharibə cəbhələrində Həzi Aslanov, Hüseynbala Əliyev, Mehdi Hüseynzadə, Qafur Məmmədov, Ziya Bünyadov, İsrafil Məmmədov və başqaları böyük qəhrəmanlıq göstərərək, xalqımızın şanlı tarixinə yeni səhifələr yazmışlar. 120 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabit SSRİ-nin yüksək orden və medalları ilə təltif olunmuşdur.
Rafiq Abbasov xüsusi vurğulamışdır ki, 1941-1945-ci illər müharibəsində Azərbaycan milisi də böyük rəşadətlər göstərmişdir. Daxili işlər orqanlarının 800-ə qədər əməkdaşı, o cümlədən Bakı Milis Qarnizonundan 400 nəfər müharibədə iştirak etmiş, döyüşlərdə igidlik göstərdiklərinə görə Sovet İttifaqının müxtəlif orden və medallarına layiq görülmüşlər.
Natiq vurğulamışdır ki, Qələbə günündən bizi 64 illik zaman kəsiyi ayırır. Müstəqillik qazandıqdan sonra bu bayramın keçirilməsinə mane olmaq cəhdlərinin qarşısı vaxtında alındı. Xalqın tələbi ilə hakimiyyətə qayıdan, Azərbaycanı parçalanmaq, yenicə qazanılmış müstəqilliyini itirmək təhlükəsindən xilas edən ümummilli liderimiz Heydər Əliyev 9 May - Qələbə gününün geniş qeyd olunmasına şərait yaratdı.
Bildirilmişdir ki, Azərbaycanın daxili işlər orqanlarında II Dünya müharibəsinin qanlı-qadalı yollarını şərəflə keçmiş və Vətənə qələbə ilə dönmüş yüzlərlə müharibə veteranı xidmət etmişdir. Müharibə veteranları dövlətimizin daimi diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Veteranlarımız da bu diqqət və qayğını yüksək qiymətləndirir, dövlətimizin inkişafı, xalqımızın rifahı üçün əllərindən gələni edirlər. Bakı Polis Qarnizonunun pensiyaçı veteranları öz təcrübələrini gənclərimizlə daim bölüşürlər. Respublikamız bu gün də müharibə vəziyyətindədir, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan olunsa da, müharibə hələ başa çatmamışdır. Odur ki, müharibə veteranlarımızın döyüş təcrübəsi bu gün bizə dünənkindən daha çox lazımdır.
Görüşdə müharibə veteranları adından Daxili İşlər Nazirliyinin və Bakı Şəhər Baş Polis İdarəsinin veteranlar şuralarının sədrləri Bəylər Hüseynov və İsmayıl Qasımov çıxış etmiş, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Görüşə yekun vuran Rafiq Abbasov müharibə veteranlarını Bakı Polis Qarnizonunun şəxsi heyəti adından Qələbə günü münasibətilə təbrik etmiş, onlara uzun ömür və cansağlığı arzulamışdır.
Sonda Böyük Vətən müharibəsi veteranlarına pul mükafatları təqdim edilmişdir.