ELM VƏ TƏHSİL
İlk dərs gününün sevinc və təntənəsi
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayon rəhbərliyinin iştirak etdiyi tədbirdə məktəb müəllimlərinin, şagirdlərin, valideynlərin və birincilərin sevinci hədsiz idi.
Təntənəli mərasimdə çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bunu dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini bildiriblər. Bu gün Prezident İlham Əliyevin də təhsil sahəsinə hədsiz qayğı göstərdiyi qeyd olunub.
Bildirilib ki, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Prezidentinin sərəncamları, habelə, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb proqramı” və digər bu kimi tədbirlər təhsilə göstərilən diqqətin bariz nümunəsidir. Ölkəmizin hər yerində müasir standartlara cavab verən təhsil ocaqlarının tikildiyi, bunun da öz növbəsində təhsilin inkişafına xidmət etdiyi diqqətə çatdırılıb.
Çıxış edənlər məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləyib, onların gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və layiqli vətəndaşlar kimi yetişəcəklərinə əminliklərini ifadə ediblər.
Sonra “İlk zəng” səslənib və yeni dərs ili başlayıb.
Qeyd edək ki, bu il Qaradağ rayonunda bir sıra təhsil ocaqları yenidən qurulub, bəziləri isə təmir edilib. Belə ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”a uyğun olaraq Lökbatan qəsəbəsində 7 nömrəli peşə məktəbinin binası sökülərək yenidən tikilib, Müşfiqabad qəsəbəsində 274 və Ümid qəsəbəsində 294 nömrəli orta məktəblər üçün əlavə 20 sinif otağı tikilərək istifadəyə verilib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində rayonun imkansız ailələrinin orta məktəblərdə təhsil alan 200 uşağına yeni məktəbli formaları, çantalar və məktəb ləvazimatları paylanıb.
Rayon İcra hakimiyyəti tərəfindən də birinci sinfə gedən 200 şagirdə məktəbli çantaları və ləvazimatları təqdim olunub.