İmişlinin 46 yaşayış məntəqəsində kütləvi tibbi müayinələr başa çatıb
İmişli, 18 aprel, Mahir Babayev, AZƏRTAC
İmişlidə əhalinin kütləvi tibbi müayinəsi uğurla davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya şöbələrində və laboratoriyada insanların tibbi müayinəsi üçün bütün imkanlar yaradılıb. Aksiya çərçivəsində müxtəlif ixtisaslardan ibarət 15 peşəkar həkim briqadası fəaliyyət göstərir. Artıq rayonun 49 yaşayış məntəqəsindən 46-da müayinələr başa çatıb.
Humanitar aksiya rayon üzrə 95 min 754 nəfəri əhatə edir. Kənd, qəsəbə və kollektivlərdə aktivliyi təmin etmək üçün kütləvi izahat, təbliğat-təşviqat işləri aparılır. Fiziki imkanları məhdud olan, ahıl insanların müayinəsi də diqqət mərkəzində saxlanılır. Səyyar həkim briqadaları bu kateqoriyadan olan sakinlərin müayinəsini evlərdə aparır.
Rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Sərahim Məlikov bildirib ki, aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayon mərkəzi xəstəxanası ilə yanaşı, 6 kənd və qəsəbə xəstəxanası, 67 nəfərdən çox həkim və orta tibb işçisi kampaniyaya cəlb olunub. Bu günə kimi 79 min 248 nəfər tibbi müayinə edilib. Müayinələrdən keçirilmiş vətəndaşların 4797 nəfəri ambulator, 203 nəfəri isə stasionar müalicəyə cəlb olunub, 91 nəfər üzərində cərrahiyə əməliyyatı aparılıb. Yerli şəraitdə müalicəsi mümkün olmayan 136 xəstə isə Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.