DÜNYA
İmmiqrasiya polislərinin agentləri Luizianada sığınacaq istəyənləri sorğu-sualsız və məhkəməsiz deportasiya ediblər
Vaşinqton, 8 fevral, AZƏRTAC
Mülki hüquqların müdafiəsi üzrə milli qrup Yeni Orleanda immiqrasiya polisinin əməkdaşlarını sığınacaq axtaran şəxslərin qeyri-qanunu deportasiya olunmasında ittiham edir.
AZƏRTAC xəbər verir ki, Yoxsulluğa qarşı mübarizə üzrə Cənub Hüquq Mərkəzi (SPLC) yanvar ayında İmmiqrasiya və Gömrük Xidmətinin Yeni Orleandakı yerli bölməsinə şikayətlə müraciət edib. Şikayətdə bildirilir ki, sığınacaq axtaran şəxslərin nəyə görə qaçdıqlarını və geri qayıtmağa nə səbəbdən qorxduqlarını aydınlaşdırmaq üçün bəzi hallarda onlardan müsahibə alınmır. SPLC vəkillərinin sözlərinə görə, bəzi hallarda sığınacaq axtaran şəxslər hakim tərəfindən dinlənilmədən, onların müraciətlərinə və ya apelyasiya şikayətlərinə baxılmadan deportasiya edilir.
Mərkəz yanvarın 18-də Daxili Təhlükəsizlik Nazirliyinin Mülki Hüquqlar və Azadlıqlar İdarəsinə şikayətlə müraciət edib. Federal qanuna görə, öz ölkəsinə qayıtmağa ehtiyat etdiyini bildirən şəxs sığınacaq məsələləri üzrə zabitlə müsahibədən keçmədən deportasiya edilə bilməz. Qanuna əsasən, əgər sığınacaq axtaran şəxslər apelyasiya şikayəti veriblərsə və onların şikayəti İmmiqrasiya Məsələləri üzrə Apelyasiya Şurası tərəfindən baxılma mərhələsindədirsə, bu halda da onların ölkədən məcburi çıxarılması qadağandır.
ABŞ-da immiqrasiya sistemində islahat prezident seçkiləri və aralıq seçkilər zamanı əsas müzakirə mövzularından biridir. Siyasətçilər qeyri-leqal immiqrasiyaya qarşı mübarizə məsələsindən, xüsusən cənub ştatlarının ispandilli əhalisi arasında, seçici səsləri ilə manipulyasiya vasitəsi kimi istifadə edirlər.
AZƏRTAC-ın Vaşinqton bürosu