CƏMİYYƏT
İndiyədək altı qurum üzrə “Müharibə veteranı” statusu təsdiq edilib
![İndiyədək altı qurum üzrə “Müharibə veteranı” statusu təsdiq edilib](/files/2022/1/1200x630/1645617657196517426_1200x630.jpg)
Bakı, 23 fevral, AZƏRTAC
“Müharibə veteranı” statusunun verilməsi ilə əlaqədar hərbi qulluqçunun xidmət etdiyi və işlədiyi orqan tərəfindən Nazirlər Kabineti ilə razılaşdırılmaqla təsdiq edilir. Status təsdiq ediləndən sonra həmin hərbi qulluqçu haqqında məlumat “Zəfər” altsisteminə daxil edilir və bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara təqaüd ödənişinə başlanılır. Təqaüd yanvarın 1-dən hesablanaraq verilir.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun bildirdiyinə görə, indiyədək altı qurum üzrə “Müharibə veteranı” statusu təsdiq edilib və onların təqaüdünün ödənişinə başlanılıb: “Bu ay ərzində Müdafiə Nazirliyi sistemi üzrə də həmin statusun müəyyən edilib başa çatdırılacağı gözlənilir. Ən böyük kontingent də məhz həmin qurumdadır və Nazirlər Kabineti ilə müvafiq razılaşdırmanı aparandan sonra siyahının yekun təsdiqinin başa çatacağı gözlənilir. Hesab edirik ki, mart ayının birinci yarısından onlara da vəsait ödənilməsinə başlanılacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il dekabrın 29-da imzaladığı Sərəncamla 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə yanvarın 1-dən “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının Müharibə Veteranı” vəsiqəsi verilir.