ELM VƏ TƏHSİL
İntellektual potensialın qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübə araşdırılır
Bakı, 8 iyun, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı “İntellektual potensialın qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübə” mövzusunda məruzənin müzakirəsinə həsr olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Böyük elmi işçi Mərziyə İsmayılova mövzuya dair çıxış edərək bildirib ki, iqtisadiyyatın əsasını müasir cəmiyyətin sosial-iqtisadi inkişafının mühüm amili olan intellektual potensial təşkil edir. Alimlərin fikrincə, intellektual potensial, ilk növbədə, əsas hərəkətverici qüvvəsi elmi bilik və texnologiyanın istehsalı, yayılması və səmərəli istifadəsi olan təhsil cəmiyyətinin formalaşması ilə bağlıdır. İntellektual potensialın formalaşmasına təsir edən ən mühüm amil ölkə daxilində mövcud olan ali təhsil sistemi və elmi tədqiqatlar sistemidir.
Məruzəçi intellektual potensial haqqında anlayışlar, tanınmış alimlərin intellektual potensialın strukturuna dair baxışları, onun əsas kateroqiyaları, elementləri və s. barədə məlumat verib. M.İsmayılova, həmçinin beynəlxalq təşkilatların müvafiq sahədə təcrübəsindən söz açıb.
Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.