MƏDƏNİYYƏT
İORDANİYADA “ARŞIN MAL ALAN” FİLMİ GÖSTƏRİLMİŞDİR
Bakı, 12 fevral (AZƏRTAC). Azərbaycanın İordaniyadakı səfirliyində “Arşın mal alan” (ingilis dilinə tərcümədə) bədii filmi nümayiş olunmuşdur.
Səfirlikdən bildirmişlər ki, filmin nümayişindən əvvəl səfir Elman Araslı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığı, onun məşhur musiqili komediyasının əsasında ekranlaşdırılmış “Arşın mal alan” bədii filmi barədə məlumat vermişdir.
İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin məsul katibi X.Həmşavi yüksələn xətlə inkişaf edən Azərbaycan-İordaniya münasibətlərinin müsbət dinamikasını qeyd edərək ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə, xüsusilə humanitar və mədəniyyət sahələrində əlaqələrin inkişafı üçün belə tədbirlərin vacibliyini vurğulamışdır. X.Həmşavi, həmçinin İordaniya nümayəndə heyətinin tərkibində Azərbaycana səfərini xatırlayaraq o zaman ulu öndər Heydər Əliyev ilə görüşündən danışmış, ölkələrimiz arasında qarşılıqlı münasibətlərin formalaşmasında ümummilli lider Heydər Əliyevin böyük rolunu xüsüsi vurğulamışdır.
Tədbirdə İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri və Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər.
Film böyük maraqla qarşılanmışdır.