DÜNYA
İordaniyanın Baş naziri aşağı palatanın üzvlərinə ölkənin Suriya ətrafında vəziyyətə dair mövqeyi barədə məlumat vermişdir
Əmman, 10 sentyabr (AZƏRTAC). İordaniya Haşimilər Krallığının Baş naziri Abdulla Annusur parlamentin aşağı palatasının üzvləri ilə Suriya probleminə həsr olunmuş qeyri-rəsmi görüşündə ölkənin həmin məsələyə dair mövqeyi barədə məlumat vermişdir. O bildirmişdir ki, İordaniya ərazisindən Suriyaya xarici hərbi müdaxiləyə yol verilməyəcəkdir.
Parlamentin aşağı palatasının sədri Saad Xəyil Assurur demişdir ki, aşağı palata ilə ölkə hökuməti Suriya böhranına dair mövqelərini razılaşdırıblar. Onun sözlərinə görə, İordaniya Suriyaya qarşı hər hansı xarici hərbi müdaxilənin tərkib hissəsi ola bilməz. İordaniya bu ölkənin sabitliyini, ərazi bütövlüyünü və xalqının birliyini dəstəkləyir. Aşağı palatanın başçısı xüsusi vurğulamışdır ki, Suriya probleminin nizama salınması siyasi həll və dialoq müstəvisində yerləşir.
Saad Xəyil Assurur onu da bildirmişdir ki, İordaniyada fövqəladə vəziyyətə və onun tətbiqinə ehtiyac yoxdur. Lakin ölkənin silahlı qüvvələri tam hazırlıq vəziyyətindədir və hadisələrin hər hansı inkişafına hazırdır.
Asya Hacızadə
AZƏRTAC–ın xüsusi müxbiri
Əmman