İQTİSADİYYAT
İqtisadi Əməkdaşlıq Təşkilatının Tehranda keçiriləcək iclaslarında Azərbaycan Respublikası rəsmi nümayəndə heyəti ilə təmsil olunacaqdır
Tehran, 3 dekabr (AZƏRTAC). İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tranzit Nəqliyyatı Əlaqələndirmə Şurasının Yol Komitəsinin 6-cı iclası dekabrın 8-də, Tranzit Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası isə dekabrın 9-da Tehranda işə başlayacaqdır. İƏT üzv dövlətlərinin nəqliyyat nazirlərinin iclasına hazırlıq məqsədi ilə yüksək vəzifəli şəxslərin toplantısı isə dekabrın 10-da keçiriləcəkdir.
Nəqliyyat nazirlərinin dekabrın 11-də başlanacaq iclasında üzv dövlətlərin nəqliyyat sahəsində inkişafına dair tərəflərin məlumatları dinləniləcək, ikitərəfli və çoxtərəfli layihələr barədə fikir mübadiləsi aparılacaq, tranzit daşımaların inkişaf perspektivləri təhlil ediləcək, İƏT-in nəqliyyatla bağlı layihə və proqramlarına dair müzakirələr keçiriləcəkdir.
İclaslarda Azərbaycan rəsmi nümayəndə heyəti ilə təmsil olunacaqdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran