ELM VƏ TƏHSİL
İqtisadiyyat İnstitutunda elmi seminar keçirilib
![](/files/galleryphoto/2022/1/1200x630/16443051003427365207_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16443051004866557688_1200x630.png)
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a İqtisadiyyat İnstitutundan məlumat verilib. İnstitutun baş direktoru professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən tədbirə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun, ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru professor İlham Məmmədzadə “İqtisadiyyatın fəlsəfəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi rəhbərlik etdiyi institutda aparılan tədqiqatlar barədə məlumat verib. Baş direktor müasir fəlsəfə elminin başlıca problemləri, fənlərarası əlaqə, sosiologiya, iqtisadiyyata müasir fəlsəfi baxışlar və yanaşmalardan danışıb. Fəlsəfənin süni intellektlə əlaqəsi, islahatlara fəlsəfi baxış, fərqli şüur tiplərinin iqtisadi proseslərə təsiri, iqtisadi mədəniyyət, ailə institutu və ailə iqtisadiyyatı, elm və biliyin müasir cəmiyyətimizdəki rolu, bazar iqtisadiyyatında ictimai şüur və mədəniyyət məsələlərindən bəhs edib.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. Çıxış edən alimlər iqtisadiyyatın fəlsəfəsi ilə bağlı fikir və mülahizələrini bölüşüblər.