İQTİSADİYYAT
İran nümayəndə heyəti İqtisadiyyat və Sənaye Nazirliyində olub
İqtisadiyyat və Sənaye Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev qonşu ölkələr olan Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin və keçirilən görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib ki, 2014-cü ildə Azərbaycan və İran prezidentlərinin Davos, Tehran və bu günlərdə Həştərxanda keçirilmiş görüşləri ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfədir. Bu gün siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın genişləndirilməsinə də əlverişli zəmin yaradır.
Ş.Mustafayev Azərbaycan və İran arasında gömrük sahəsində də əməkdaşlığın genişləndirilməsinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında müsbət rol oynadığını vurğulayıb. Nazir Biləsuvar-Culfa (İran) dövlət sərhədində buraxılış məntəqəsinin 24 saatlıq iş rejiminə keçməsi və cümə günləri də işləməsinə dair qərarı təqdir edib. Bildirilib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu ilin avqustunda Bakıda keçirilmiş iclasında əldə olunmuş razılaşmaya əsasən, gömrük sahəsində əməkdaşlığının genişləndirilməsi üçün işlər bundan sonra da davam etdiriləcək.
M.Kərbasiyan Azərbaycanda aparılan quruculuq-abadlıq işlərini yüksək qiymətləndirib. İran gömrük idarəsinin rəhbəri son illər digər sahələrdə olduğu kimi, gömrük sahəsində də əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib. Həmçinin İran və Naxçıvan arasında viza prosedurlarının sadələşdirilməsinin və müvafiq rüsumun azaldılmasının əlaqələrin inkişafına təkan verəcəyini bildirib.