DÜNYA
İran parlamentinin sədrinin oğlu ictimaiyyətdən üzr istəyib
Tehran, 20 aprel, AZƏRTAC
İran İslam Şurası Məclisinin (parlamentin) sədri Məhəmməd Qalibafın oğlu İlyas Qalibaf bacısının və bacısının həyat yoldaşının hərəkətlərinə görə ictimaiyyətdən üzr istəyib.
AZƏRTAC xəbər verir ki, İlyas Qalibaf tviter hesabında bacısının və bacısının ərinin Türkiyə səfərinin yanlış addım olduğunu yazıb və İran ictimaiyətindən üzr istəyib. O bildirib ki, atası - İran parlamentinin spikeri Məhəmməd Qalibaf qızının və kürəkəninin Türkiyə səfərinin əleyhinə olub və buna etiraz edib. Lakin onun etirazı nəzərə alınmayıb. “Bu səfər atamın fikrinə və siyasi ideologiyasına zidd idi” yazan İlyas Qalibaf ölkədə iqtisadi vəziyyətin yaxşı olmadığı bir vaxtda onun yaxın qohumlarının Türkiyəyə səfər etməsinin yanlış olduğunu nəzərə çatdırıb.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Novruz bayramı tətilində Türkiyəyə gəzməyə gedən parlament sədrinin qızı və kürəkəni səfərdən qayıtdıqdan sonra sosial şəbəkələrdə şəkillər paylaşıblar. Dəbdəbəli həyat tərzini əks etdirən şəkillər İran ictimaiyyətinin etirazına səbəb olub.
Qeyd edək ki, İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar ölkədə sosial vəziyyəti çətinləşdirib. Son vaxtlar inflyasiyanın artması və ərzaq mallarının qiymətinin yüksəlməsi sosial vəziyyəti daha da ağırlaşdırıb. Belə bir vaxtda spikerin yaxın qohumlarının dəbdəbəli həyat tərzini əks etdirən fotoların sosial şəbəkələrdə yayılması insanlarda ikrah hissi yaradıb. Bunu nəzərə alan parlament sədrinin oğlu elə həmin sosial şəbəkələr vasitəsilə ictimaiyyət qarşısında üzrxahlıq edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran