DÜNYA
İraq hərbçilərinin Mosul aeroportuna genişmiqyaslı hücumu başlayıb
Bakı, 23 fevral, AZƏRTAC
İraqın hökumət qüvvələri Mosulun cənub-qərbində yerləşən hava limanına və Əl-Qəzləni düşərgəsinə doğru genişmiqyaslı hücuma başlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, federal polis və operativ reaksiya qüvvələrinin bölmələri İŞİD qruplaşmasının müdafiə istehkamlarına zərbələr endirən koalisiya aviasiyasının və ağır artilleriyanın dəstəyi ilə bir neçə istiqamətdə hava limanına hücum edir.
Təxminən bir həftə bundan əvvəl İraqın Baş naziri Heydər əl-Abadi Mosul şəhərinin qərb hissəsinin azad edilməsi istiqamətində əməliyyatların başladığı barədə məlumat verib. Hərbi kampaniyanın ilk mərhələsində İraq ordusunun 9-cu zirehli tank diviziyası, Daxili İşlər Nazirliyinin operativ reaksiya bölmələri və şiələrin “əl-Haşid əş-Şəəbi” qruplaşmasının silahlıları iştirak edir.
Qeyd edək ki, hökumət qüvvələrinin və ABŞ-ın başçılıq etdiyi koalisiya aviasiyasının iştirakı ilə 2016-cı ilin oktyabr ayında başlayan Mosul əməliyyatlarının gedişində şəhərin şərq hissəsi tamamilə İraq ordusunun nəzarətinə keçib.
Bir qədər əvvəl BMT-nin humanitar məsələləri əlaqələndirmə idarəsinin İraq ofisi bildirib ki, əməliyyatlarla əlaqədar Mosulun 217 mindən çox sakini öz evlərini tərk etmək məcburiyyətində qalıb.