CƏMİYYƏT
“İşğal altında” adlı kompyuter oyunu gənclərin və yeniyetmələrin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəkdir
Bakı, 23 iyun (AZƏRTAC). İyunun 23-də Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümünə həsr olunmuş “İşğal altında” adlı kompyuter oyununun təqdimat mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əsas hədəfi Şuşa şəhərini işğalçılardan azad etməkdən ibarət olan kompyuter oyunu döyüş janrındadır və Qarabağ müharibəsini əks etdirir. Oyunun qrafikası Qarabağın, həmçinin Şuşa şəhərinin görüntüləri üzərində qurulmuşdur.
Təqdimat mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev müasir dövrdə kompyuter oyunlarına olan maraq, bunun insanların psixologiyasına təsirindən danışmışdır. Bildirmişdir ki, kompyuter oyunlarına əsasən gənclər meyl edir. Bu baxımdan yeni təqdim olunan oyun gənclərin və yeniyetmələrin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir edəcəkdir.
Oyunun rəhbəri və ideya müəllifi Fərid Haqverdiyev məlumat vermişdir ki, kompyuter oyunu 2 il müddətinə müxtəlif universitetlərdə təhsil alan tələbələr tərəfindən hazırlanmışdır. Oyun, eyni zamanda, ölkənin tarixini də öyrənməyə imkan yaradır. Kompyuter oyununu www.azdimension.com saytından pulsuz yükləmək mümkündür.