İQTİSADİYYAT
İslahat icmalının növbəti sayı daşınmaz əmlakın icbari sığortasına həsr olunub
Bakı, 13 yanvar, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən mütəmadi olaraq yayımlanan “İslahat icmalı”nın 2020-ci il üçün ilk sayı işıq üzü görüb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bu buraxılış daşınmaz əmlakın icbari sığortasına həsr olunaraq xüsusi buraxılış formatında hazırlanıb. İcmalda daşınmaz əmlakın sığortalanması sisteminin tarixi və dünya təcrübəsində tətbiqi, Azərbaycanda tətbiq olunan daşınmaz əmlakın icbari sığortasının şərtləri-sığorta haqları və tariflər, əhatə dairəsi, təminat verdiyi obyektlərin təsnifatı, sığorta hadisəsi hesab edilən və olunmayan halların müəyyənləşdirilməsi, sığorta hadisəsi baş verən zaman zəruri olan addımlar kimi önəmli məlumatlar oxuculara daha sadə və oxunaqlı şəkildə, infoqrafikalar vasitəsilə təqdim edilib. Bundan başqa, xüsusi buraxılışda sığorta sistemi ilə bağlı informasiya dəstəyinə dair keçid linkləri verilib, eyni zamanda, daşınmaz əmlakın icbari sığortasının tətbiqinin vətəndaşlar üçün əhəmiyyəti də izah olunub.
“İslahat icmalı” ilə “iqtisadiislahat.org” saytında “İcmallar” bölməsindən tanış ola bilərsiniz.