SİYASƏT
İSLAM KONFRANSININ İŞTİRAKÇILARI ALLAHŞÜKÜR PAŞAZADƏNİ YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏBRİK ETMİŞLƏR
Moskva, 24 sentyabr (AZƏRTAC). Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dini Şurasının sədri, şeyxülislam Allahşükür Paşazadə Moskvada keçirilən İslam ölkələri Forumunda iştirak etmişdir. Tədbirə 40-a yaxın müsəlman ölkəsindən və dünyanın aparıcı konfessiyalarından nümayəndələr qatılmışlar.
“Rusiya və islam dünyası: sabitlik naminə tərəfdaşlıq” mövzusunda beynəlxalq konfrans Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, İslam Konfransı Təşkilatının və Moskva hökumətinin dəstəyi ilə Rusiya Müftiləri Şurası tərəfindən təşkil edilmişdir.
Konfransda Moskva meri Yuri Lujkov, bütün müsəlman dövlətlərinin dini liderləri, dövlət hakimiyyəti nümayəndələri iştirak və çıxış etmişlər. Rusiya Prezidenti Dmitri Medvedevin konfransa təbrikinin mətni oxunmuş, İKT-nin baş katibi E.İhsanoğlunun videotəbriki, habelə Rusiyanın müxtəlif hakimiyyət orqanlarının təbrik məktubları tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.
Allahşükür Paşazadəyə söz verilməzdən əvvəl konfransın yüksək tribunasından tədbir iştirakçıları, rusiyalılar və Rusiya müsəlmanları adından A.Paşazadənin ünvanına anadan olmasının 60 illiyi münasibətilə təbriklər səslənmişdir. Sonra A.Paşazadə çıxış etmiş, belə mötəbər tədbirin keçirilməsi münasibətilə konfransın təşkilatçılarına təşəkkür etmişdir. O, belə tədbirin keçirilməsi təşəbbüsünü himayə etdiyinə görə, Rusiya Prezidenti Dmitri Medvedevə minnətdarlığını bildirmişdir. Allahşükür Paşazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına səmimi salamlarını yetirmiş, habelə 50 illik yubileyi münasibətilə Rusiya Müftiləri Şurasının sədri Ravil Qaynutdini və müqəddəs Ramazan bayramının başa çatması ilə əlaqədar bütün müsəlmanları təbrik etmişdir. Allahşükür Paşazadə demişdir: “Bugünkü konfransda iştirakımız öz mənəvi irsini nəsildən-nəslə qoruyub artıran Rusiya dövlətinə, böyük rus xalqına böyük ehtiramın və minnətdarlığın əlamətidir. Allaha şükürlər olsun ki, xalqlarımız və dinlərimiz üçün taleyüklü keçid dövrlərində sıralarımızda bu yolu daim qoruyan din xadimləri olmuşdur və vardır. Onlardan biri qardaşım, müfti Ravil Qaynutdindir. Sədrlik etdiyim uzun illərdə mən şeyxülislam kimi müasir dünyamızın bir çox dini xadimləri ilə əlaqə saxlamışam. Uzun illərin sınağından çıxmış qardaşlıq və dostluq münasibətləri bu gün də davam edir. Belə parlaq şəxsiyyətlərdən biri tatar xalqının şanlı oğlu, istedadlı alim, Rusiyanın və müsəlman dünyasının görkəmli din xadimi Ravil Qaynutdindir və mən bütün müsəlmanlar və şəxsən öz adımdan onu 50 illik yubileyi münasibətilə səmim qəlbdən təbrik edirəm”.
R.Qaynutdin təşəkkür edərək demişdir ki, müəllimi, hörmətli Allahşükür Paşazadə ilə dost olduğuna görə fəxr edir. O demişdir: “Biz uzun illərdir ki, İslam naminə, xalqlarımız və ölkələrimiz naminə birlikdə çalışırıq”. R.Qaynutdin bildirmişdir ki, Allahşükür Paşazadənin yubileyi ilə əlaqədar Rusiya müsəlmanlarının nümayəndə heyəti Azərbaycana səfər edəcək və Bakıda keçiriləcək Beynəlxalq İslam Konfransında iştirak edəcəkdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva