REGİONLAR
İsmayıllıda kikboksinq üzrə açıq rayon birinciliyində 180-ə yaxın idmançı mübarizə aparıb
İsmayıllı, 30 avqust, AZƏRTAC
Avqustun 30-da İsmayıllıda rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi münasibətilə kikboksinq idman növü üzrə açıq rayon birinciliyi keçirilib. Birincilikdə beş bölgədən 180-ə yaxın idmançı iştirak edib.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, İsmayıllı Olimpiya İdman Kompleksində təşkil olunan yarışdan əvvəl Dövlət Himni səsləndirilib, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra yarış açıq elan edilib. Yarışlar Azərbaycan Kikboksinq Federasiyasının qəbul etdiyi müvafiq qaydalara əsasən keçirilib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmalarda hər çəki üzrə I, II və III yerə çıxan idmançılar müəyyənləşdirilib və onlar təşkilat komitəsinin diplom və medalları ilə təltif olunublar.