REGİONLAR
İsmayıllıda tütün yarpağının dəriminə başlanılıb
İsmayıllı, 31 iyul, AZƏRTAC
İsmayıllı rayonunda kütləvi surətdə tütün yarpağının dəriminə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari mövsümdə bölgədə 22 hektarda tütün yetişdirilib. Fermerlər yetişdirdikləri məhsulun tez və itkisiz yığılması, xüsusi talvarlarda qurudularaq satılması üçün ciddi səy göstərirlər. Rayonun tütün əkilən bütün ərazilərində, xüsusilə Qurbanəfəndi, Talıstan, Diyallı və Təzəkənd ərazi vahidlərində yarpaq dərimi daha mütəşəkkil təşkil olunub.
Qeyd edək ki, bəzi fermerlər tütün yarpağının dərhal, qurudulmadan satışına üstünlük verirlər. Bir gün əvvəl Diyallı kəndindən təzə yığılan 850 kiloqram yaş tütün yarpağı satan fermer Cahangir Surxayev bildirib ki, yarpağın qurudulması xeyli vaxt və əlavə xərc tələb edir: “Doğrudur, qurudulan yarpaq daha baha satılır. Lakin yaş yarpaqdan dərhal əldə edilən vəsait dərimə əlavə işçi qüvvəsinin cəlb olunması, gələn il üçün torpağın hazırlanması və sair xərclər üçün çox sərfəlidir”.
Cari mövsümdə əlverişsiz keçən hava şəraitində fermerlər yaxşı məhsul yetişdirməyə nail olublar. Bu il azı 30 ton qurudulmuş tütün yarpağı istehsalı gözlənilir ki, bu, ötən ildəkindən çoxdur.