DÜNYA
İspaniyada öküz döyüşlərinin sayı son 15 ildə tarixi minimuma qədər azalıb
Madrid, 13 may, AZƏRTAC
İspaniyada keçirilən öküz döyüşlərinin sayı ötən il rekord aşağı səviyyəyə düşüb.
AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, 2018-ci ildə 1521 öküz döyüşü keçirilib ki, bu da son 15 ildə ən aşağı göstəricidir.
Öküz döyüşlərinin ümumi sayı azalsa da, dövlət statistikası peşəkar matadorların sayının artdığını göstərib. Ötən il 9723 adam (onların 239-u qadın) qeydə alınıb ki, bu da korridanın bütün tarixi ərzində ən yüksək göstəricidir. Qeyd edək ki, bu ildən öküz döyüşlərinin keçirilməsi qaydaları da dəyişdirilib.
İspaniyada korrida mövsümü mart bayramında - Müqəddəs İosif günündə açılır və oktyabrda qeyd edilən İspaniya Günündə bağlanır. Sevilya, Kordova və Madriddə amansız və qanlı korridalar təşkil edilir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid