CƏMİYYƏT
İsraildə Azərbaycan əsgərləri üçün dualar edilib
Bakı, 23 sentyabr, AZƏRTAC
Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “İsraillilər Bet İsrail icmasında Azərbaycan əsgərləri üçün dua edirlər” sərlövhəli məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi, həmçinin baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə Netanya şəhərinin Bet İsrail icmasında yəhudi xalqının yeni ili olan Roş-Ha-Şananın Azərbaycan üslubunda qeyd olunduğu diqqətə çatdırılıb.
İsrailin ən nüfuzlu beyin mərkəzlərindən sayılan Yaxın Şərq Siyasəti Tədqiqatları Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbir Ermənistanın son hərbi təxribatı nəticəsində şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsinə şamların yandırılması ilə açıq elan edilib. İsrail cəmiyyətinin bir çox tanınmış simalarının iştirak etdiyi tədbirdə Azərbaycan musiqisi, rəqsləri və mətbəxinin təqdim edildiyi toplantının Azərbaycan və yəhudi xalqları arasındakı sarsılmaz əlaqənin bariz sübutu olduğu diqqətə çatdırılıb, şəhid olmuş Azərbaycan əsgərlərinin ruhlarına dualar oxunub, yaralı hərbçilərimizin tezliklə sağalması diləyi ifadə edilib.
Tədbirin fəxri qonağı qismində çıxış edən Reyçel Avraham vurğulayıb ki, multikultural, plüralist və tolerant ölkə olan Azərbaycanın rəhbərliyi müntəzəm şəkildə yəhudi xalqının Roş-Ha-Şana bayramını təbrik edir və bu bayram hər il ölkəmizin yəhudi icması tərəfində təntənəli şəkildə qeyd olunur. İsrailli politoloq, həmçinin Azərbaycanın yəhudi bayramları zamanı əlavə mühafizəyə və Roş-Ha-Şana mərasimi başa çatdıqdan sonra sinaqoqları bağlamağa ehtiyac görülmədiyi azsaylı ölkələrdən olduğunu diqqətə çatdırıb.
Azərbaycanın İsraildəki turizm nümayəndəliyinin rəhbəri Cəmilə Talıbzadə Azərbaycan əsgərlərinin xatirəsinə şamların yandırılmasına görə minnətdarlığını bildirib, iki ölkənin bayraqlarının bərabər dalğalanmasını xalqlarımız arasındakı sarsılmaz dostluğun rəmzi kimi dəyərləndirib.