SİYASƏT
İTAR-TASS agentliyinin əməkdaşı, politoloq Səadət Kadırova Azərbaycandakı həmkarları ilə jurnalistika sahəsində qazandığı təcrübəni bölüşəcəkdir
Bakı, 26 aprel (AZƏRTAC). Rusiya Federasiyasının İTAR-TASS agentliyinin əməkdaşı, politoloq Səadət Kadırova aprelin 29-da Azərbaycandakı həmkarlarına “Ölkənin imici və onun formalaşmasında diasporun rolu” mövzusunda seminar-treninq keçəcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə keçiriləcək birgünlük seminar-treninqdə Səadət Kadırova Azərbaycandakı həmkarları ilə jurnalistika sahəsində qazandığı təcrübəni bölüşəcəkdir.
Diasporla İş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, uzun illərdir Rusiyanın ictimai-siyasi həyatında cərəyan edən prosesləri işıqlandıran və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan Səadət Kadırova, eyni zamanda, Moskva Dövlət Universitetinin müəllimi, Rusiya Federasiyasının Dövlət Dumasında Etnik Azlıqlar Komitəsinin Ekspert Şurasının üzvü, Beynəlxalq və Rusiyalı Jurnalistlər Birliyinin üzvüdür.
Moskvada yaşayan bir azərbaycanlı kimi Səadət Kadırovanın yazılarında diaspor məsələləri də hər zaman prioritet mövzulardan olmuşdur. Rusiyadakı Azərbaycan diasporunun lobbiçilik fəaliyyəti, bu istiqamətdə uğurlu işin qurulması, qarşıya çıxan problemlər və onların həlli yolları, eləcə də xaricdə ölkənin imicinin formalaşması, bu işdə diasporun rolu kimi məsələlərə Səadət Kadırova xüsusi diqqət ayırmışdır.