İQTİSADİYYAT
ITGI “Cənub qaz dəhlizi”nin 2013-cü ilə investisiya cəlb edə biləcək yeganə layihəsidir
Bakı, 28 yanvar (AZƏRTAC). ITGI-nin (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri) hazırlığı həm Avropa, həm də “Şahdəniz-2” layihəsi üçün üstünlükdür. Belə ki, o, boru kəmərinin Azərbaycan qazının ixracına sürətli hazırlığını təmin edəcək, bundan başqa, “Şahdəniz” yatağından qaz hasilatı zamanı mümkün gecikmə risklərini azaldacaqdır.
AZƏRTAC xəbər verir ki, bunu “IGI Poseidon” şirkətinin baş direktoru Elio Ruceri Vyanada Avropa qaz konvensiyası tədbirində bildirmişdir.
ITGI layihəsi 2013-cü ilə investisiya cəlb edə biləcək yeganə layihədir”, - deyən baş direktor əlavə etmişdir ki, “Şahdəniz-2” layihəsi çərçivəsində qaz hasilatının 2017-ci ildə başlayacağını nəzərə alaraq, qaz ixracı üzrə seçilmiş marşrutda iştirak edən şirkətlərin 2013-cü ilədək investisiya qərarları qəbul edə bilmələri vacibdir. Bir çox ekspertlərin rəyinə görə, bu gün ITGI “Cənub qaz dəhlizi”nin “Şahdəniz-2” layihəsinin cədvəlinə uyğun zəruri investisiya qərarı qəbul edə biləcək yeganə layihəsidir.