SİYASƏT
İXTİSASLAŞDIRILMIŞ KURSLAR MARAQLA QARŞILANIR
Bakı, 24 sentyabr (AZƏRTAC). Ölkəmizin hər yerində olduğu kimi, İsmayıllı və Ucar rayonlarında da Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamına müvafiq olaraq seçki hüququ üzrə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil olunan 3 günlük ixtisaslaşdırılmış kurslar davam edir.
Sentyabrın 24-də ayrı-ayrı seçki dairələrində kurslar dinləyicilərin fəallığı şəraitində keçmişdir.
İSMAYILLI
Qarşıdan gələn bələdiyyə seçkiləri ərəfəsində təşkil olunan və mütəxəssislər tərəfindən keçirilən ixtisaslaşdırılmış kurslar dinləyicilər tərəfindən maraqla qarşılanmışdır.
Sentyabrın 24-də keçirilən məşğələdə 86 saylı İsmayıllı seçki dairəsı dairə seçki komissiyasının 9 üzvü, habelə dairə üzrə 65 məntəqənin sədri iştirak etmişdir.
Tədbirdə iştirakçılar qarşısında “Seçki hüquqlarının pozulmasına görə məsuliyyət”, “Bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi və onun nəticələrinin müəyyən edilməsi qaydaları” və “Seçki komissiyalarında kargüzarlığın aparılması qaydaları” mövzularında məruzələr oxunmuş, sonda seminar keçirilmişdir. Rayon prokuroru, ədliyyə müşaviri Rahib Seyidov, rayon icra hakimiyyətinin məsul işçisi Murad Məhərrəmov, dairə seçki komissiyasının katibi Yaqub Hacıyev tədbirin gedişində dinləyiciləri maraqlandıran suallara aydınlıq gətirmişlər.
UCAR
91 saylı Ucar seçki dairəsində dairə seçki komissiyasının üzvləri və seçki məntəqələrinin sədrləri üçün təşkil olunan ixtisaslaşdırılmış kurslar iştirakçıların fəallığı şəraitində keçir.
Kurslarda dairə seçki komissiyasının 9 üzvü, habelə 38 məntəqənin sədrləri iştirak edirlər.
Sentyabrın 24-də keçirilən tədbirdə rayon prokuroru, baş ədliyyə müşaviri Miramil Ağamirovun “Seçki hüquqlarının pozulmasına görə məsuliyyət”, Mərkəzi Seçki Komissiyası hüquq şöbəsinin böyük məsləhətçisi Samir Tağıyevin “Bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi və onun nəticələrinin müəyyən edilməsi qaydaları” və “Seçki komissiyalarında kargüzarlığın aparılması qaydaları” mövzularında məruzələri dinlənilmiş, iştirakçıların sualları cavablandırılmışdır.
Axırda seminar keçirilmişdir. Diqqət qarşıdakı bələdiyyə seçkilərinin qanunvericiliyə uyğun keçirilməsi üçün bütün tələblərə əməl olunmasının, hüquqi-normativ sənədlərə dəqiq və düzgün riayət edilməsinin vacibliyinə yönəldilmişdir.