REGİONLAR
İyirmi dörd illik fasilədən sonra Masallının Xıl kəndinə yenidən təbii qaz verilib
Masallı, 8 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Masallı rayonunun Xıl kəndinə 24 illik fasilədən sonra yenidən təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, kəndin qazlaşdırılması üçün 52 min 700 poqonmetr müxtəlif diametrli borularla qaz xətləri çəkilib, hər bir evdə fərdi qaz sayğacı quraşdırılıb, 859 ailə “mavi yanacaqla” təmin edilib.
Bu münasibətlə kənddə keçirilən mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, “Azəriqaz” İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Rafael Novruzov, ictimaiyyətin nümayəndələri sakinləri əlamətdar hadisə münasibətilə təbrik ediblər.
Kənd sakinləri onların məişət şəraitinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.