İQTİSADİYYAT
İyul ayının yekunlarına görə BBVB-də xarici valyuta ilə elektron hərracların həcmi 33,866 milyon manat təşkil edib
Bakı, 8 avqust (AZƏRTAC). 2014-cü ilin iyulunda Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sisteminin valyuta bölməsində hərracların ümumi həcmi USD/AZN üzrə 33,866 milyon manat, yaxud 43,179 milyon dollar təşkil edib. Hərraclarda cəmi 8 bank iştirak edib. Hesabat ayında 42 ticarət sessiyası keçirilib və 16 əqd qeydə alınıb.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iyulda valyuta bölməsində hərracların həcmi iyun ayına nisbətən 5 milyon 505 min manat və ya 14 faiz artıb.
Birja elektron hərracların sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə artaraq iyulda təqribən 2.056 milyon dollara çatıb, hər bir əqdin orta həcmi 2.699 milyon dollar təşkil edib.
Qeyd edək ki, milli valyutanın USD/AZN_TOD aləti üzrə birja məzənnəsi hesabat ayında dəyişməyib və bir dollar üçün 0,7829 AZN olub, ABŞ dollarının manata nisbətdə orta gündəlik məzənnəsi 1 USD üçün 0,7843 AZN təşkil edib.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR kreditlərinin orta aylıq faiz dərəcəsi iyulda 90 günlük alətlər üzrə manatla illik 10,24 faiz, ABŞ dolları üzrə isə 10,62 faiz təşkil edib. BakıBİD üzrə faiz dərəcəsi manatla illik 4,93 faiz, ABŞ dolları üzrə 4,84 faiz olub.