DÜNYA
Jerar Depardye ilə bağlı məhkəmə prosesi təxirə salınmışdır
Paris, 6 aprel (AZƏRTAC). Məşhur fransız aktyoru Jerar Depardye ilə bağlı məhkəmə prosesi təxirə salınmışdır. Buna səbəb aktyorun Beynəlxalq Valyuta Fondunun keçmiş prezidenti Dominik-Stross Kanın Nyu-Yorkda başına gələn hadisələrdən bəhs edəcək filmin çəkilişində iştirak etdiyinə görə məhkəməyə gələ bilməməsi səbəb olmuşdur.
Aktyorun vəkili müdafiə etdiyi müştərisinin Nyu-Yorkda çəkilişi aparılan filmdə Dominik-Stross-Kan rolunda çəkildiyinə görə Amerikada olduğunu bildirmiş və onun məhkəmə prosesində iştirakının bir o qədər də vacib olmadığını bildirmişdir.
Məhkəmə prosesi ilə bağlı jurnalistlərin suallarına cavab verən aktyor ədalət məhkəməsindən yayınmaq fikrində olmadığını, sadəcə, məhkəmə prosesi zamanı səfərlərə getdiyini diqqətə çatdırmışdır.
Məhkəmə prosesi mayın 24-dək təxirə salınmışdır.
Xatırladaq ki, fransız kinosunun ulduzu hesab edilən aktyor keçən il noyabr ayının 29-da içkili vəziyyətdə idarə etdiyi motosiklla insan həyatı üçün təhlükəli qəza şəraiti yaratmaqda ittiham olunur. Məhkəmə onun təqsirini sübuta yetirərsə, aktyoru 4500 avro cərimə və iki il həbs cəzası gözləyir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris