CƏMİYYƏT
Kanadanın Monreal şəhərində Vətən müharibəsi şəhidləri yad edilib
![Kanadanın Monreal şəhərində Vətən müharibəsi şəhidləri yad edilib](/files/2022/3/1200x630/16648877534894053342_1200x630.jpg)
Bakı, 4 oktyabr, AZƏRTAC
Kanadanın Monreal şəhərində 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Kvebek Azərbaycanlıları Assosiasiyasının ofisində baş tutan tədbirdə torpaqlarımızın erməni işğalından qurtulması və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Kvebek Azərbaycanlıları Assosiasiyasının sədri Məsud Əliyev və diaspor fəalları Əli Şərəf, Kəmalə Əliyeva, Tunzalə Bağırova çıxış ediblər. “Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı hücumu nəticəsində başlayan 44 günlük Vətən müharibəsinin parlaq Qələbə ilə başa çatması dünya azərbaycanlılarında, o cümlədən Kanadada yaşayan soydaşlarımızda böyük qürur və fəxarət hissi yaradıb. Bu Qələbənin əldə olunmasında böyük payı olan qəhrəman şəhidlərimiz daim xalqımızın qəlbində yaşayacaq”, - deyə qeyd edilib.
Soydaşlarımız beynəlxalq birliyin Azərbaycanın Cənubi Qafqaz bölgəsində dayanıqlı sülhün bərqərar olması naminə göstərdiyi ciddi səyləri güclü şəkildə dəstəkləməsinin vacibliyini vurğulayıblar.