MƏDƏNİYYƏT
Kanat yolları ilə səyahət və dağ gəzintisi ekskursiya iştirakçılarının daha çox xoşuna gəldi
Qusar, 20 avqust (AZƏRTAC, Elxan Yusifli). Gəncə və Mingəçevir məktəblilərindən ibarət qrupların avqustun 20-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Qusar rayonunun görməli yerləri ilə tanışlığı başladı.
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçıları günün birinci yarısında Qusar rayonundakı “Şahdağ” Qış-Yay Turizm Kompleksində oldular. Onlara turizm kompleksində yaradılan şərait, buradakı istirahət və əyləncə növləri haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Bu kompleksin tikintisi ölkəmizdə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaratmaqla yanaşı, respublikamıza xarici turistlərin marağını artırır.
Məktəblilər kompleksdə yay istirahəti üçün nəzərdə tutulan xidmətlərindən yararlandılar. Kanat yolları ilə səyahət və dağ gəzintisi onların daha çox xoşuna gəldi.
Sonra tur-aksiyanın iştirakçıları Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə böyük maraqla baxdılar. Onlara ümummilli lider Heydər Əliyevin Azərbaycanın dinamik inkişafı, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi naminə gördüyü əvəzsiz işlər haqqında geniş məlumat verildi.
Məktəblilər Qusar Tarix-Diyarşünaslıq Muzeyi və rəsm qalereyası ilə də yaxından tanış oldular.
Tur-aksiyanın iştirakçıları yüksək ərazidə yerləşən Bayraq Meydanından Qusar şəhərini seyr etdikdən sonra Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsini ziyarət etdilər. Onların diqqətinə çatdırıldı ki, bu türbə XVI əsrdə Azərbaycanda tikilən və Səfəvilərin yadigarı olan abidələrdən biridir. Şeyx Cüneyd XV əsrdə Şirvana hərbi yürüşü zamanı Şirvanşahlar tərəfindən öldürülüb və Həzrə kəndində dəfn edilib. Məzar üzərində türbə 1544-cü ildə tikilib.
Avqustun 21-də Gəncə və Mingəçevir məktəblilərindən ibarət qruplar Quba rayonun görməli yerlərinə səfər edəcəklər.