CƏMİYYƏT
Kənd icma gəncləri üçün icra olunan layihə başa çatıb
Bakı, 21 iyun, AZƏRTAC
"Uşaq və Yeniyetmələrə Dəstək” ictimai birliyi (UYD) “Kənd icmalarında gənclərlə birlikdə sülh və mədəni müxtəliflik naminə maarifləndirmə” layihəsinin icrasına yekun vurub. Sözügedən layihə Azərbaycan Respublikasının Gənclər Fondunun və NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, Zaqatala və Ağsu rayonlarında icra olunmuş layihənin məqsədi dinc cəmiyyətlərdə birgə yaşayışın formalaşdırılması və dayanıqlılığının davam etdirilməsi naminə gəncləri maarifləndirərək onların rolunu artırmaqdan ibarətdir. Layihə çərçivəsində qeyd olunan regionlardan 70 nəfər kənd icmalarında yaşayan gənc təlimlərə cəlb olunub. Təlimdə iştirak etmiş fəal gənclər sertifikatlarla təltif olunub.
Təlimçi Fəxri Məmmədzadə tərəfindən keçirilən təlimlər tolerantlıq, stiqma və qərəzlilik, problemin həlli, vasitəçilik, səmərəli ünsiyyət, gender və gender stereotipi, mədəniyyətlərarası dialoq mövzularını əhatə etməklə sülh və mədəni müxtəlifliyin aşılanmasına xidmət edib.
Məlumat üçün qeyd edək ki, layihənin icrası BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4.7-ci hədəfinə töhfə vermək məqsədilə icra olunub.