İQTİSADİYYAT
Kənd təsərrüfatı kreditlərinin sığortalanması üzrə zəmanət fondunun yaradılması konsepsiyası layihəsi hazırlanmışdır
Bakı, 2 mart (AZƏRTAC). Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyası (AMFA) kənd təsərrüfatı kreditlərinin sığortalanması üzrə zəmanət fondunun yaradılması konsepsiyasının layihəsini hazırlamışdır.
Assosiasiyadan AZƏRTAC-a bildirmişlər ki, konsepsiyada zəmanət kreditinin maksimum məbləği 10 min manatadək səviyyədə müəyyənləşdirilmişdir. Bununla yanaşı, 25 min manata qədər kreditlərə zəmanət verilməsi üzrə qərar idarə heyəti tərəfindən qəbul edilir, Müşahidə Şurası təsdiq edir. 25-100 min manat məbləğində kreditlər üzrə qərarı isə Müşahidə Şurası qəbul edir. Kreditin qaytarılmaması riski zamanı fond, zəmanət verilən məbləği kredit təşkilatının hesabına köçürməlidir. Kreditin 90 gün ərzində qaytarılmaması halında girov əmlak, onun satışını təşkil edən fondun sərəncamına keçir.
Fermer və sahibkarlara zəmanətin verilməsinin mümkünsüzlüyü haqqında bildirişi fond 10 gün ərzində verməlidir.
Konsepsiya “Oxfam” ilə birgə AMFA-nın “Kənd təsərrüfatı kreditlərinin sığortalanması mexanizmi” layihəsi çərçivəsində hazırlanmışdır.