DÜNYA
Kəraçi şəhərinin şiələr yaşayan məhəlləsində törədilmiş güclü partlayış nəticəsində həlak olanların sayı 51-ə çatmışdır[YENİLƏNİB]
Bakı, 4 mart (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Pakistanın Kəraçi şəhərinin şiələr yaşayan məhəlləsində güclü partlayış törədilmişdir.
Terror aktı nəticəsində 51 nəfər həlak olmuş, 153 nəfər yaralanmışdır. Həlak olan və yaralananların əksəriyyəti qadınlar və uşaqlardır.
Partladıcı maddə ilə yüklənmiş maşını sükan arxasındakı “canlı bomba” partlatmışdır. İlk partlayışdan sonra ikinci “canlı bomba” da sürdüyü maşını partlatmışdır.
Şəhər polisindən verilən məlumata görə, tələfatın sayı çoxala bilər. Çünki yaralıların yarıdan çoxunun vəziyyəti ağırdır.
Qanlı terror ilə əlaqədar Kəraçidə matəm elan olunmuşdur.
Pakistanın işgüzar və maliyyə mərkəzi olan şəhərdə etiraz əlaməti olaraq dükanlar bağlanmış, ictimai nəqliyyat dayandırılmışdır. Nəqliyyat işçiləri və ticarətçilərin həmkarlar təşkilatları terror aktına qarşı etiraz tətili elan etmişlər. Kəraçidə, həmçinin bütün məktəblər, liseylər və universitetlər də bağlanmışdır.