İQTİSADİYYAT
Keyfiyyətsiz şirniyyat məhsulları aşkarlanmışdır
Bakı, 3 mart (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Yasamal rayonu, M.Müşfiq küçəsi, 501-ci məhəllə, ev 1A ünvanında Zəminə Hüseynovaya məxsus istehsalat sahəsində yoxlama aparmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yoxlama zamanı şərq şirniyyatlarının (kətə, şəkərçörəyi, quru peçenye, ekler, paxlava, rulet, mutaki və s.) müvafiq resepturasız istehsal edildiyi, habelə saxlama müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu müəyyənləşdirilmişdir. Şərq şirniyyatları istehsalının və aşkar edilmiş 261 kiloqram şirniyyatın satışının dayandırılması, habelə ticarət şəbəkəsinə paylanmış məhsulların geri yığılması barədə sahibkar Zəminə Hüseynovaya icrası məcburi göstəriş verilmişdir.