İQTİSADİYYAT
“Khazar İslands” da yeni yaşayış kompleksinin tikintisi çərçivəsində ilk birləşdirici körpünün təməli qoyulmuşdur
Bakı, 11 fevral (AZƏRTAC). Azərbaycanın “Avesta” konserninin Xəzər adalarında inşa etdiyi “Khazar İslands” yeni yaşayış kompleksinin tikintisi çərçivəsində ilk birləşdirici körpünün təməli qoyulmuşdur.
Konserninin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, şirkətin rəhbəri İbrahim İbrahimov indiyədək tikinti işlərinə 1 milyard 200 milyon dollara qədər vəsait xərcləndiyini və yeni yaşayış kompleksində 1 milyon insanın yaşayışı üçün nəzərdə tutulduğunu vurğulamışdır.
İlkin dəyəri 100 milyard ABŞ dolları həcmində olan və üç mərhələdə həyata keçiriləcək layihənin 2030-cu ilədək tam başa çatdırılması planlaşdırılır.
Kompleksdə hündürlüyü 1050 metr olan bina tikiləcəkdir. Üç milyard dollar dəyərində qiymətləndirilən binanın tikintisinə 2017-ci ildə başlamaq planlaşdırılır. Bina gələcəkdə Azərbaycana turistlərin cəlb edilməsi hesabına xeyli gəlir gətirə bilər.
İ.İbrahimov onu da nəzərə çatdırmışdır ki, bu ilin yayında kompleksdə bulvarın bir hissəsinin, həmçinin restoran və çimərliklərin də açılması planlaşdırılır.
Adalarda biznes və ticarət obyektləri, məktəblər, bağçalar və xəstəxanalar, kinoteatr, teatr, restoran və ticarət mərkəzləri tikiləcəkdir.
Ümumilikdə, kompleksdə 22 milyon kvadratmetr yaşayış sahəsi, ticarət və biznes sahələri, otellər və apartamentlərin inşası planlaşdırılmışdır.