ELM VƏ TƏHSİL
Kimya fənni üzrə elmi-metodiki seminar keçirilmişdir
Bakı, 1 yanvar (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kimya fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, seminarda 2011-ci ildə ali məktəblərə IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqları (B variantı, 51-65 saylı test tapşırıqları) statistik göstəricilər əsasında elmi-metodiki baxımdan müzakirə olunmuşdur. Test tapşırıqlarının hər biri mürəkkəblik dərəcəsinə, relevantlıq kateqoriyasına görə və məzmun baxımından təhlil edilmişdir. Tapşırıqların qəbul proqramına və dərsliklərə uyğunluğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verdiyi bir daha təsdiqlənmişdir.
Qəbul imtahanında A və B variantlarında istifadə edilmiş test tapşırıqları analoji olduğundan, hər iki variant üzrə abituriyentlərin cavablarının statistik göstəriciləri də bir-birinə uyğun olmuşdur. Hər iki variantdakı test tapşırıqları çətinlik dərəcəsi, relevantlıq kateqoriyaları baxımından da bir-birinə tam uyğundur.
İclasda Bakı və Sumqayıt şəhərlərindən orta və ali məktəb müəllimləri, metodistlər və AMEA-nın mütəxəssisləri ilə bərabər, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində fəaliyyət göstərən elmi-metodiki seminarlarda iştirak edən müvafiq fənn müəllimləri də onlayn rejimdə internet vasitəsilə test tapşırıqları haqqında fikirlərini bildirmiş, təkliflərini vermişlər.
Növbəti seminarda müzakirə davam etdiriləcəkdir.