ELM VƏ TƏHSİL
KİMYA FƏNNİ ÜZRƏ TEST TAPŞIRIQLARI ELMİ-METODİKİ CƏHƏTDƏN MÜZAKİRƏ OLUNMUŞDUR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kimya fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası nümayəndələrinin iştirak etdikləri seminarda bu il ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanında kimya fənnindən istifadə edilmiş test tapşırıqları elmi-metodiki və statistik cəhətdən təhlil olunmuşdur.
B variantındakı test tapşırıqları ətraflı müzakirə edilmişdir.
A və B variantları oxşar olduğundan, hər iki variantda eyni bölmələrə aid test tapşırıqlarına abituriyentlərin cavabları bir-birinə uyğun olmuşdur.
Təhlil göstərmişdir ki, qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqları qəbul proqramına və dərsliklərə tam uyğundur.
İmtahanlarda sxem, cədvəl, qrafik tipli məntiqi düşüncə, nəzəri biliklərin tətbiqini tələb edən test tapşırıqlarından daha çox istifadə edilmişdir.
IV ixtisas qrupunda abituriyentlərın bir qismi kimyəvi reaksiyanın sürəti və tarazlıq sabitinə, məhlullara, irimolekullu birləşmələrə və mövzulararası əlaqəyə dair riyazi bilik, tətbiq tələb edən və məntiqi düşüncəyə əsaslanan test tapşırıqlarına cavab verməkdə çətinlik çəkmiş və müəyyən çevrilmələr, nisbət və faizin tapılmasını tələb edən tapşırıqlardan isə imtina etmişlər. Halbuki belə tip test tapşırıqlarına dair “Abituriyent” jurnalının müxtəlif saylarında və kimya vəsaitində nümunələr verilmiş, onların izahlı həlli göstərilmiş, sınaq imtahanlarında belə tip tapşırıqlar dəfələrlə sınaqdan keçirilmişdir.
Seminarda çıxış edən mütəxəssis və müəllimlərin fikirincə, əsasən abituriyentlərin yeni tipli tapşırıqlara zəif cavab verməsinin əsas səbəblərindən biri müəllimlərin bir çoxunun orta məktəb dərsliklərini tam mənimsəməməsi və buna görə də dərslikdəki materialları şagirdlərə lazımi səviyyədə çatdıra bilməməsidir. Digər səbəb isə, orta məktəblərin maddi-texniki bazasının zəifliyidir. Bunun nəticəsidir ki, orta məktəblərin əksəriyyətində praktiki və laboratoriya işləri aparılmır, yalnız nəzəri material tədris olunur. Bunlar da orta məktəblərdə kimyanın tədrisinə öz mənfi təsirini göstərir.