İDMAN
Kiyevdə Avropa-2012 matçına biletin təqdimatı olmuşdur
Kiyev, 23 aprel (AZƏRTAC). Avropa-2012 matçına biletin altı-yeddi dərəcəli mühafizəsi olacaqdır, biletin dizaynının əsasını isə futbol üzrə gələcək çempionatın simvolikası təşkil edir. Bu, aprelin 23-də futbol üzrə qitə birinciliyinin əsas meydanında - Kiyevdəki “Olimpiyski” Milli İdman Kompleksində keçirilmiş turnirə buraxılış biletlərinin təntənəli təqdimatı zamanı məlum olmuşdur.
Biletin əsas fonu bənövşəyi rəngdədir. Burada turnirin simvolu olan gül təsvir edilmiş, onun üzərində oyunun sıra nömrəsi göstərilmişdir. Gülün iki ləçəyində yığma komandaları oyunda iştirak edəcək ölkələrin bayraqları təsvir edilmişdir. Burada həmçinin turnirin keçiriləcəyi stadion, onun yerləşdirmə və giriş sxemləri barədə məlumat göstərilmişdir. Qalan bütün əsas mühafizə elementləri biletin arxa tərəfində yerləşdirilmişdir.
İyunun 11-də Ukrayna yığma komandasının İsveç komandası ilə ilk oyununa buraxılış bileti nümunəsində biletlərin dizaynını Avropa-2012 oyunları üçün uşaq rəsmləri müsabiqəsinin qalibi Darya Kovtun, “Avropa-2012-Ukrayna” BOK-nın direktoru Markiyan Lubkivski və UEFA-nın əməliyyat direktoru Martin Kallen təqdim etmişlər.
Martin Kallen demişdir: “Biletin altı-yeddi səviyyəli mühafizəsi olacaqdır. Bunlardan əsasları qoloqram və unikal identifikasiya kodudur. Daha beş-altı elementi bilavasitə stadionlarda işləyən stüardlar biləcəkdir”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev