İQTİSADİYYAT
Kiyevdə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu: reallıqlar və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib
Kiyev, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Ukrayna paytaxtında “Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumu tərəfindən təşkil edilən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu: reallıqlar və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə GUAM Katibliyi proqramlarının əlaqələndiricisi Səbuhi Təmirov iştirak edib. Bu barədə AZƏRTAC-a qurumun Kiyevdəki mənzil-qərargahından məlumat verilib.
GUAM Katibliyinin əlaqələndiricisi nəqliyyat dəhlizinin inkişafının qurum üçün böyük əhəmiyyətini qeyd edib, GUAM-ın nəqliyyat sahəsində cari fəaliyyəti barədə məlumat verib. Bu kontekstdə S.Təmirov GUAM-ın nəqliyyat dəhlizinin inkişafı haqqında Konsepsiyası, “GUAM-Tranzit-2” xüsusi konfransının (2015, 19 noyabr) nəticələri barədə informasiyanı təqdim edib.
S.Təmirov tədbir iştirakçılarını ticarət və nəqliyyata yardım üzrə layihənin rəhbər komitəsinin fəaliyyəti ilə tanış edib. O, həmçinin iştirakçıları GUAM və GUAM+ çərçivəsində qurumun nəqliyyat-tranzit sahəsində əməkdaşlığın gələcək inkişafı barədə məlumatlandırıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev