İQTİSADİYYAT
KOBİA-nın rəhbərliyi skuter və “Green Energy” zavodlarında olub
Bakı, 12 sentyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və KOBİA-nın nümayəndələri “Sakuraz” Holdinqin Keşlə qəsəbəsində yerləşən skuter istehsalı və “Sakuraz Green Energy” zavodlarında olublar.
KOBİA-dan AZƏRTAC-a verilən məlumata görə, müəssisənin fəaliyyəti ilə yaxından tanışlıq zamanı məlumat verilib ki, zavodda ölkədə yeganə olan “Wingz” skuterləri istehsal edilir. Bu skuterlərdən bütün mərkəzi parklarda istifadə olunur. Skuterlərdən istifadə mobil proqram vasitəsilə həyata keçirilir və hazırda 130 mindən çox abunəçisi var. Holdinqin “Ezone” layihəsinin “EZRaider” kvadroskuterlərindən Yanardağ və Balaxanı ərazisində istifadə edilir. Bu skuterlər ekoloji cəhətdən təmiz turizmin inkişafı baxımından əhəmiyyətlidir.
KOBİA rəhbərliyi, həmçinin “Sakuraz Green Energy” zavodunda olub. Burada avtomobil akkumulyatorları istisna olmaqla, bütün növ akkumulyator batareyalarının bərpası həyata keçirilir. KOBİA tərəfindən “Sakuraz Green Energy” şirkətinə müəssisəni fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilib.
Görüş çərçivəsində şirkətin nümayəndələri ilə zavodların fəaliyyətinin genişləndirilməsinə, bu sahədə KOBİA-nın dəstəyinə dair fikir mübadiləsi aparılıb.