CƏMİYYƏT
Krım Muxtar Respublikasının nümayəndə heyəti Səhiyyə Nazirliyində olmuşdur
Bakı, 20 dekabr (AZƏRTAC). Dekabrın 20-də səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə səfərdə olan Ukraynanın Krım Muxtar Respublikasının mədəniyyət və turizm naziri Aleksandr Liyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonun da iştirak etdiyi görüşdə nazir O.Şirəliyev ölkələrimiz arasında uzun illərdən bəri davam edən dostluq əlaqələrindən danışmışdır.
Krımın müalicəvi kurortları barədə məlumat verən A.Liyev bildirmişdir ki, son 20 ildə Ukraynanın turizm infrastrukturunun inkişafı Karlovı Varı, Antalya kimi turizm məkanları ilə müqayisə olunacaq səviyyədədir və Azərbaycan vətəndaşlarının da bu imkanlardan yaralanması məqsədəuyğundur.
Görüşün sonunda qonaq O.Şirəliyevi 2012-ci ildə Ukraynada keçirilməsi planlaşdırılan MDB ölkələrinin səhiyyə nazirlərinin iclasına dəvət etmişdir.