SİYASƏT
Kürdəmirdə Dövlət Bayrağı Günü təntənəli surətdə qeyd edilmişdir
Kürdəmir, 8 noyabr (AZƏRTAC). Kürdəmirdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilmiş ”Dünyanın ən uca bayrağı” adlı ümumrayon tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzində Bayraq Meydanı və park bayramsayağı bəzədilmiş, küçələrdə çoxsaylı bayraqlar asılmış, şüar və plakatlar vurulmuşdur. Bayraq Meydanının ətrafında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri asılmışdır.
Tədbirdə çoxsaylı sakinlər, o cümlədən idarə, müəssisə, təşkilat rəhbərləri, əmək kollektivlərinin nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, sahibkarlar, rayon ziyalıları, ağsaqqallar iştirak etmişlər. İştirakçılar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzmüş, böyük öndərə dərin ehtiramlarını bildirmişlər.
Ümumrayon tədbiri dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev Dövlət Bayrağı Günü münasibətilə iştirakçıları təbrik etmiş, qeyd etmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üçrəngli dövlət bayrağı milli suverenliyimizin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Bu bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının, daha sonra isə Azərbaycanın dövlət bayrağı olaraq təsdiq edilmişdir. İndi hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Dövlət Bayrağı Günü münasibətilə keçirilən mərasimdə YAP Kürdəmir rayon təşkilatının fəalları, rayon gəncləri başları üzərində ucaltdıqları üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı ilə şəhərin vağzal meydanından Heydər Əliyev prospekti boyunca Bayraq Meydanınadək yürüş etmişlər.
Təntənəli tədbir rəngarəng konsert proqramı ilə davam etmişdir.