ELM VƏ TƏHSİL
Laçın rayonunun təhsil işçiləri ötən tədris ilinin yekunlarını və qarşıda duran vəzifələri müzakirə etmişlər
Ağcabədi, 8 sentyabr (AZƏRTAC). Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində rayonun təhsil işçilərinin 2012-2013-cü tədris ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı büstünü və şəhidlərin xatirə kompleksini ziyarət etmişlər.
Konfransda ötən tədris ilinin yekunlarına dair hesabat məruzəsi dinlənilmiş, qarşıda duran vəzifələr müzakirə edilmişdir. Bildirilmişdir ki, hesabat dövründə rayon üzrə 84 tam orta, 34 ümumi orta, 5 ibtidai məktəb, 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərmiş, 9994 nəfər şagird təhsilə cəlb edilmişdir.
Bu il ümumtəhsil məktəblərini bitirən məzunlardan 404-ü ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan 206-sı tələbə adını qazanmışdır. 32 nəfər 500-dən, 9 nəfər isə 600-dən yuxarı bal toplamışdır. Bu, rayon üzrə son 20 ildə ən yüksək göstəricidir.
Konfransda yeni dərs ilinə hazırlıqla bağlı görülən işlərdən də danışılmışdır. Qeyd olunmuşdur ki, 4 məktəb əsaslı, 9 məktəb cari təmir edilmiş, iki məktəbdə müasir istilik sistemi quraşdırılmışdır. Məktəblərə 50 parta, 50 yazı lövhəsi, 170 kitab rəfi, 300 soba, həmçinin müəllimlər üçün 750 stol və stul verilmişdir.
Yeni dərs ili ərəfəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ayrılmış 1450 dəst məktəbli forması və birinci sinif şagirdləri üçün Heydər Əliyev Fondu tərəfindən göndərilən 1444 məktəbli çantası və yazı ləvazimatı məktəblilərə çatdırılmışdır. Təhsil Nazirliyinin göndərişinə əsasən, 22 müəllim işlə təmin edilmişdir.
Tədbirdə Azərbaycan müəllimlərinin XIV qurultayına nümayəndələr seçilmişdir.
Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.