SİYASƏT
Laçınlı məcburi köçkünlərin Fransa parlamenti tərəfindən qondarma “erməni soyqırımı” haqqında qəbul edilmiş ədalətsiz qanuna qarşı etiraz bəyanatı
Bakı, 26 yanvar (AZƏRTAC). Yanvarın 26-da laçınlı məcburi köçkünlər Fransa parlamentində qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanunun qəbul edilməsi ilə bağlı etiraz bəyanatı yaymışlar.
Laçın Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a daxil olmuş bəyanatda deyilir: “Biz laçınlı məcburi köçkünlər bəyan edirik ki, bu günlərdə Fransa Senatı tərəfindən qondarma “erməni soyqırımı”nı tanımayanlara qarşı cəza nəzərdə tutan qanunun qəbul edilməsini qəti surətdə pisləyir, buna kəskin etirazımızı bildiririk.
Heç bir tarixi fakta əsaslanmayan, bütün beynəlxalq hüquq normaları və insan azadlıqları ilə kəskin ziddiyyət təşkil edən belə bir qanunun qəbul edilməsini təkcə Türkiyə dövlətinə qarşı deyil, bütün türk dünyasına, müsəlman aləminə qarşı atılmış ən rüsvayçı addım hesab edir, bunu XXI əsrdə xaç yürüşünün yeni forması kimi qiymətləndiririk.
Birmənalı olaraq bildiririk ki, belə qərəzli və heç bir hüquqi əsası olmayan qanunun qəbul edilməsi Fransanın ermənipərəst liderlərinin növbəti dəfə açıq şəkildə işğalçı və tarixdə oxşarı olmayan Xocalı faciəsini törədən Ermənistanın müdafiəçisi olmasının əyani təzahürü, onların müsəlman aləminə qarşı ikili standartlardan yanaşmasının göstəricisidir.
Biz, məcburi köçkünlər, həmçinin Fransa dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bitərəf mövqe tutmalı olduğu halda, belə iyrənc və bəşəri dəyərlərə zidd bir qanunu qəbul etməsini Azərbaycan dövlətinə, xüsusilə bir milyonadək qaçqın və məcburi köçkünə qarşı bağışlanılmaz xəyanət olduğunu qeyd edir, Fransanın bundan sonra həmsədr ölkə kimi fəaliyyətini dayandırmasını qəti tələb edirik. Çünki belə bir vasitəçi ölkənin açıq- aşkar ermənipərəst siyasət yürütməsi ona qarşı tükənmiş etimadı tamamilə heçə endirmişdir.
Biz laçınlı məcburi köçkünlər birmənalı olaraq hesab edirik ki, xalqlar arasında ədavət toxumu səpən bir ölkə başqa millətlərə əmin-amanlıq və xoşbəxt həyat bəxş edə bilməz. Fransa Senatının belə bir cəfəng və haqsızlıqla dolu qanunun qəbul etməsi Cənubi Qafqazda sülh yaratmaq əvəzinə siyasi vəziyyəti daha da gərginləşdirmişdir. Odur ki, Fransanın bu cür antitürk hərəkətləri bütün bəşəri dəyərlərə və insani münasibətlərə zərbədir, eyni zamanda, BMT-nin, ATƏT-in, Avropa Şurasının bütün prinsipləri ilə ziddiyyət təşkil edir.
Biz laçınlı məcburi köçkünlər bütün Azərbaycan vətəndaşları kimi bir daha bəyan edirik ki, Türkiyə-Azərbaycan qardaşlığını və dostluğunu daim qorumağa və həmrəy olmağa, bu birliyi və həmrəyliyi sarsıtmağa, xalqlarımızın maraqlarına qarşı atılmış hər bir addımı cəsarətlə dəf etməyə hər an hazırıq”.