İQTİSADİYYAT
Laçınlı məcburi köçkünlərin içməli suya tələbatları ödənilir
Ağcabədi, 11 fevral (AZƏRTAC). Laçınlı məcburi köçkünlərin içməli və suvarma suyuna tələbatının ödənilməsi üçün işlər davam etdirilir.
Laçın Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, ötən il Taxtakörpü ərazisində içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə yararsız su xəttinin 1380 metrlik hissəsi yenisi ilə əvəz edilmiş, 3 min metr hissəsində təmir işləri aparılmışdır.
Prezident İlham Əliyevin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 2007-ci il 20 iyun tarixli Sərəncamına uyğun olaraq Taxtakörpü ərazisindəki Alxaslı və Qarakeçdi obalarında modul tipli sutəmizləyici qurğular quraşdırılmış, 11 bulaq tikilərək məcburi köçkünlərimizin istifadəsinə verilmişdir.
Taxtakörpü ərazisində təsərrüfat suyuna tələbatın ödənilməsi məqsədi ilə 78 kilometr uzunluğunda suvarma kanalları lildən təmizlənmiş, 21 nasos, mühərrik əsaslı, 62 hidrotexniki qurğu əsaslı və cari təmir edilmişdir. Cağazur, Kamallı obalarında artezian quyusu qazılmışdır. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Taxtakörpü ərazisində 1400 metr açıq suyığıcı kanal, 620 metr beton kanal, 3 min 440 metr qapalı dren tikilmiş, 12 hidrotexniki qurğu quraşdırılmış, bir dəmir-beton körpü salınmışdır.