İDMAN
Lənkəranlı gənclərə Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı məlumat verilmişdir
Bakı, 23 aprel (AZƏRTAC). Bu il ölkəmizdə keçiriləcək futbol üzrə U-17 qadınlararası dünya çempionatının yerli təşkilat komitəsinin nümayəndələri Lənkəranda gənclərlə görüş keçirmişlər.
AZƏRTAC xəbər verir ki, Lənkəran Gənclər və İdman İdarəsində keçirilən çempionatın ümumi tanıtımının və “Könüllülük proqramı”nın təqdim edildiyi tədbirdə tələbələrə böyük futbol turnirinə hazırlıq çərçivəsində görülən işlər haqqında məlumat verilmiş, bu tip beynəlxalq tədbirin ölkəmiz üçün əhəmiyyəti ətrafında müzakirələr aparılmışdır. Gənclər həmçinin FIFA-nın dünya çempionatları, qadın futbolu, Azərbaycanda keçiriləcək çempionatın gedişatı, oyunların təşkil olunacağı stadionlar, rəsmi markalar, eləcə də 17 yaşadək qızlardan ibarət yığmamız barədə məlumatlandırılmışlar.
Tədbirdə dünya çempionatında gənclər üçün yaradılmış ən geniş imkanlardan biri olan “Könüllülük proqramı”, könüllü olmağın xeyirləri, perspektivləri və proqramda iştirak şərtləri ilə bağlı ətraflı şəkildə məlumat verilmişdir.
Təqdimatın sonunda dünya çempionatının talismanı tədbirə gələrək iştirakçılara dünya çempionatının rəsmi markalarını özündə əks etdirən müxtəlif hədiyyələr təqdim etmişdir.
Qeyd edək ki, çempionatın yerli və xarici şəxslərdən formalaşacaq 1000 nəfərlik könüllü komandasına qoşulmaq üçün ərizə qəbulunun son tarixi mayın 12-dir.