CƏMİYYƏT
Lerikli qadınlar rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər
Lerik, 7 mart (AZƏRTAC). Martın 7-də Lerik Rayon İcra Hakimiyyətində 8 mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş toplantı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər qadınları əlamətdar gün münasibətilə təbrik etmiş, zərif cinsin nümayəndələrinin rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak etdiklərini diqqətə çatdırmışlar.
Qeyd olunmuşdur ki, Azərbaycan özünün dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra qadınların həyatımızın bütün sahələrində fəallığı artmışdır.
Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası üçün geniş imkanlar yaradılmışdır.
Toplantıda çıxış edən Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyin müəllimi Dünyaxanım Kərimova, şəhid anası Səmayə Cəfərova və başqaları qadınlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər. Diqqətə çatdırmışlar ki, Prezident İlham Əliyev qadınlara həmişə xüsusi qayğı göstərir, Azərbaycanın inkişafına qadınların töhfəsini, onların ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı rolunu yüksək qiymətləndirir.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlara hədiyyələr təqdim edilmişdir.