DÜNYA
Litva Milli Təhlükəsizlik və Müdafiə Komitəsi: “Şərq tərəfdaşlığı” proqramına qarşı bu hücum sonuncu deyil
Vilnüs, 2 avqust (AZƏRTAC). Litva parlamentinin milli təhlükəsizlik və müdafiə komitəsinin sədri Arturas Paulauskasın fikrincə, litvalı diplomatların telefon söhbətlərinin yazılması və dərc edilməsi Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının həyata keçirilməsi üçün Litvanın səylərinə qarşı hücumların, çox güman ki, sonuncusu olmayacaqdır.
Onun sözlərinə görə, Litva Avropa İttifaqı Nazirlər Şurasında sədrliyi qəbul etməzdən əvvəl gözlənilirdi ki, kibernetik və digər hücumlardan yaxa qurtarmaq mümkün olmayacaqdır. Belə təhdidlərin mövcud olması Dövlət Təhlükəsizlik Departamentinin hesabatında da qeyd edilir.
A.Paulauskas qeyd etmişdir ki, litvalı diplomatların telefon söhbətləri ilə bağlı yazıların internetdə dərc edilməsi Avropa İttifaqının və onun bu blokdan Şərqdə yerləşən dövlətlərlə əlaqələrinin genişlənməsində marağı olmayan müəyyən qüvvələrin hücumudur.
Komitə rəhbəri demişdir: “Aydın məsələdir ki, müəyyən qüvvələr “Şərq tərəfdaşlığı” proqramının gerçəkləşməsini, Avropa İttifaqının genişlənməsini, Şərqin Aİ ilə ünsiyyətini, onların əlaqələrinin daha möhkəm olmasını istəmirlər və bu da aşkardır ki, belə hücumlar və ya təhrikçilik sonuncu deyildir”.
Parlament təmsilçisi diplomatlara məsləhət görmüşdür ki, onlar telefon söhbətlərinin təhlükəsiz olmadığını unutmasınlar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs